Girib həmmam ara dildarı gördüm
Girib həmmam ara dildarı gördüm, Təcəlladən əyan didarı gördüm.
Bədən su içrə, baş sudən kənarə, Su içrə şölə çəkmiş narı gördüm.
Dağıtdı kakilini şanə hər yan, Pərişan nafei-tatarı gördüm.
Nəhan oldu pəritək xəlvətində, O xəlvətdə olan əsrarı gördüm.
Gözüm düşdü o badami-düməğzə, Dolu badamdən anbarı gördüm.
Sulandı şərbəti-şəkkərdən ağzım, Bürəhnə çün süreyni-yarı gördüm.
O zülfü, Seyyida, qıldı həmayil, Sənin boynunda mən zünnarı gördüm.