Əsas məzmuna keç

Qəzəl

Getməgə əzm eyləmişsən, ey dilaram, eyləmə!

İmadəddin Nəsimi

1

Getməgə əzm eyləmişsən, ey dilaram, eyləmə! Həsbətənlillah, məni bisəbrü aram eyləmə!

Daneyi-mişkin xalın könlümü çün seyd eylədi, Bu tutulmuş seydə, şahim, zülfünü dam eyləmə!

Sünbülü bərgi-gül üzrə, ey pəri, dağıtma kim, Bunca könlü yanmışın sevdasını xam eyləmə!

Ömrümün sübhü üzündür, bəxtimin şamı saçın, Getmə, ey dilbər, gözümdən, sübhümü şam eyləmə!

Rindü qəllaşəm, mənə zahid demə, ey müttəqi, Laübali aşiqi aləmdə bədnam eyləmə!

Eşqini tərk etmək istər könlüm, amma çin degil, Ya ilahi, kimsəyi sən bisərəncam eyləmə!

Çeşmeyi-lə’lin suyundan bir qədəh sun, saqiya, İştiyaqından Nəsimi gözlərin cam eyləmə!

Lüğət: Seyd – Ov; Dam – Tələ; Bərg – Yarpaq; Rind – Qayğısız, şən həyat sürən adam; Laübali – Qayğısız

İmadəddin Nəsimi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.