Əsas məzmuna keç

Qəzəl

Getmə sən, eşqin ki, bir gənci-nihan əldən gedər

Şah İsmayıl Xətai

1

Getmə sən, eşqin ki, bir gənci-nihan əldən gedər, Bil ki, sən getsən yanımdan, təndə can əldən gedər.

Qayib oldu gül yüzün çeşmimdən, ey ruhi-rəvan, Qorxaram ki, sünbüli-ənbərfəşan əldən gedər.

Candan oldum, ey pərivəş, möhnətindən tanriçün, Qıl tərəhhüm ki, bu cismi-natəvan əldən gedər.

Ahim odundan kim, oldu yerü gög zirü zəbər, Ehtiyat et ki, zəminü asiman əldən gedər.

Mən yaman etsəm necə sən yaxşılıq qıl, ey əziz, Nəsnə qalmaz dünyədə, yaxşı-yaman əldən gedər.

Basmadan hər yerə kim, bir dəm qədəm tutmaz qərar, Məskən eylə çün müşərrəfdir, məkan əldən gedər.

Bu Xətayi, ey sənəm, bir dəm camalın görməsə, Taqət etməz də kim, ol ruhi-rəvan əldən gedər.

Lüğət: Gənc – xəzinə; Nihan – gizli; Rəvan – həyat, diri, axan, gedən, ruh, can; Tərəhhüm – rəhm etmək, birisinə acımaq; Natəvan – gücsüz; Nəsnə – şey

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.