Gərmdir şamü səhər mehrinlə çərxi-lacivərd
Gərmdir şamü səhər mehrinlə çərxi-lacivərd, Gəh sirişki-al edər izharü gəh rüxsari-zərd.
Sübhə bənzər aşiqi-sadiq, demən aləmdə kim, Bir nəfəs keçməz ki, çəkməz suzi-dildən ahi-sərd.
Yaxşı sanma, ey könül, əhli-xirəd ətvarını, Olma qafil, eşq dərdindən, yaman olmaz bu dərd.
Mümkün olduqca fələk mənsubəsindən qıl həzər, Nişə kim, xali degil bidad nəqşindən bu nərd.
Zülməti-qəm iztirabin çəkməz ol azadə kim, Hər təəllüqdən ola xurşid tək aləmdə fərd.
Ey Füzuli, kəsmə ol məhvəş vüsalindən ümid, Səbr qıl kim, dövr dövranı degil bihudəgərd.
Lüğət: Sirişk – göz yaşı; Sərd – soyuq; Xirəd – ağıl; Ətvar – tövrlər, hallar. F; Bihudəgərd – veyil-veyil gəzən, avara