Əsas məzmuna keç

Qəzəl

Gərçi fəraqə düşmüşəm, eyni-vüsal içindəyəm

İmadəddin Nəsimi

1

Gərçi fəraqə düşmüşəm, eyni-vüsal içindəyəm, Gəl nəzər eylə halıma gör ki, nə hal içindəyəm.

Vəsli-rüxün zülalına susadım, üştə yanıram, Gözümə baxü gör necə abi-zülal içindəyəm.

Nəqşi-xəyali-surətin sanma ki, məndən ayrıdır, Çün bu xəyalü nəqş ilə nəqşü xəyal içindəyəm.

Xürrəm edər ümid ilə vəsli-rüxün məni, vəli Vəsl irişincə canıma, hüznü məlal içindəyəm.

Zülf ilə qaşü kirpigin əbcədi-cimü dal imiş, Mən bu hüruf şəkliçün cim ilə dal içindəyəm.

Talevü bəxt yıldızım kövkəbi-nəhsə uğradı, Ey şərəfim, səadətim, gəl ki, vəbal içindəyəm.

Vəslinə irmək istərəm gərçi ki, eyniyəm anın, Məndən anı kim ayıra, fikri-məhal içindəyəm.

Sən mənim olduğun, şəha, düşmənə zahir olmamış, Münkir ilə bu mə’nidən qiyl ilə qal içindəyəm.

Surətü qaşü alnına verdi Nəsimi könlünü, Mən bu səbəbdən, ey günəş, bədrü hilal içindəyəm.

Lüğət: Kövkəb – Ulduz; Vəbal – Çətinlik; Münkir – İnkar edən

İmadəddin Nəsimi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.