Əsas məzmuna keç

Qəzəl

Gerçək xəbər imiş bu ki, xubun vəfası yox

İmadəddin Nəsimi

1

Gerçək xəbər imiş bu ki, xubun vəfası yox, Kim sevdi xubu kim, dedi xubun cəfası yox?

Eşqin bəlası yox deyübən eşqə düşmə, var, Kim aşiq oldu kim, dedi eşqin bəlası yox?

Anın ki, həcci-əkbəri, ey can, sən olmadın, Beytül-hərama varmamış, anın səfası yox.

Şeytandır ol ki, surətinə qılmadı sücud, Düşdü bir incə dərdə kim, anın dəvası yox.

Şol can ki, səndən özgə tələb etmədi murad, Hicrində yaxmağın anı hərgiz rəvası yox.

Yarəb, nə şəm’ imiş bu məhin üzü kim, anın Üzü qatında şəmsi-zühanın ziyası yox.

Bimara can verər sənin, ey can, ləbin, vəli Münkir sanır kim, ol şəfəteynin şəfası yox.

Gəlgil ki, qamu sovmü səlatın qəzası var, Sənsiz keçən zamanü həyatın qəzası yox.

Eynin xətasız, ey büti-Çin, tökdü qanımı, Türki-Xətadır, əslinə varar, xətası yox.

Fani cahana baxma, keçər ömrü sevmə kim, Ömrün zavalı varü cahanın bəqası yox.

Yarın gəlir həmişə cəfası Nəsimiyə, Sən sanma kim, Nəsimiyə yarın ətası yox.

Lüğət: Həcci – əkbər – Böyük həcc; Beytül – həram – Hərəm evi – Kəbə mənasında; Şol – O; Hərgiz – Hələ; Ziya – Parıltı; Bimar – Xəstə; Münkir – İnkar edən; Səlat – Birləşmə, əlaqə; Dua; Qəza – Yemək; Bəqa – Baqilik; Yarın – Səhər

İmadəddin Nəsimi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.