Gər vəsli-yar olmaz, mən neylirəm baharı
Gər vəsli-yar olmaz, mən neylirəm baharı, Yüz min bahar olsa olmaz könül qərarı.
Gülzarə gül gəlincə tək bəzmə yar gəlsin, Hərçənd yoxdu yarın bir gülcə etibarı.
Sünbül xəcalətindən başın aşağə salmış, Yarımda gördü yoxsa, ol zülfi-müşkbarı.
Udi-Qumarə bənzər, yarın şəmimi-zülfü, Bir tarı bəst edibdir yüz nafeyi-tatarı.
Ey dil, əlim üzüldü ol zülfi-tardən kim, Tari nəsib qılsın bir də görüm o tarı.
Bir sərv həsrətindən hər su rəvandır əşkim, Bir cuyə etmə nisbət bu çeşmi-əşkbarı.
Gül-gül olub sirişkim, gülzar olub kənarım, Mən neyləyim baharı, ya bağü laləzarı?
Dəfn eyləyin bu nəşim yollar kənarı üzrə, Şayəd ki, qəbrim üstə yarın düşə güzarı.
Saqi, əlin fədası, dur bir əyağ doldur – Kim, Seyyidin bu şəbdən başında var xumarı.