Gər degil bir mah mehrilən mənimtək zar sübh
Gər degil bir mah mehrilən mənimtək zar sübh, Başin açıb nişə hər gün yaxasın yırtar sübh?
Gün degil, hər gün bir ay mehrilə köksün çak edib, Tazə-tazə dağılərdir kim, qılır izhar sübh.
Tiği-xurşid ilə rəf’ olsa yeridir kim, müdam Yandırıb pərvanəyi, şəm’ə verir azar sübh.
Sübhi şamü şami sübh olmuş mənəm aləmdə kim, Şam şəm’i-bəzm olub, ayrıldı məndən yar sübh.
Gör nə aşiqdir ki, bir xurşid vəslin bulmağa Sərf edər hər ləhzə min-min lö’löi-şəhvar sübh.
Eşqdə sadiqlik izhar etdi dağın göstərib, Qaliba derlərdi kazib, qıldı ondan ar sübh.
Hicr şamında qəm etmişdi Füzuli, qəsdi-can, Olmasaydı mərhəmətdən dəm urub qəmxar sübh.
Lüğət: Sübhi – əzəl – ilk sübh; Bəzm – qonaqlıq, kef məclisi; Kazib – yalançı