Əsas məzmuna keç

Qəzəl

Gəlmişəm həqdən ənəlhəq, gör nə Mənsur olmuşam

İmadəddin Nəsimi

1

Gəlmişəm həqdən ənəlhəq, gör nə Mənsur olmuşam, Ruhi-qüdsün nitqiyəm, sər ta qədəm nur olmuşam.

Lövhi-məhfuzu mənəm, ruhül-əminin həmdəmi, Həşr üçün mizanü Israfilü həm sur olmuşam.

Bavücudam vəhdəti kəsrətdə isbat eyləyim, Musayam anəstünara, nur ilə Tur olmuşam.

Gərçi qaibdir vücudum hər nəzərdən daima, Gör nə nazir, gör nə mənzər, gör nə mənzur olmuşam.

Laməkanın gənciyəm, gərçi yerim viranədir, Eylərəm mə’mur anı, gör kim, nə mə’mur olmuşam.

Surətü mə’ni mənəm, həm ism ilə, həm cismü can, Gör necə mə’ni ilən surətdə məstur olmuşam.

Şöhrət afətdir, usandım şöhrətindən aləmin, Gərçi həm ə’ladavü əfsəldə məşhur olmuşam.

Atəşi-mehri-rüxün canımda tə’sir eylədi, Mən bu oddan yanıram, yə’ni ki, məhrur olmuşam.

Misr came’dir vücudum, anda qıldım cüm’əyi, Gör nə şəhrəm, gör nə möhkəm qəl’əvü sur olmuşam.

Zakirəm, zikr eylərəm, yə’ni ki, şeyxəm, sufiyəm, Gör nə göyçək ad ilə aləmdə məzkur olmuşam.

Ey Nəsimi, cənnətü hur ol nigarın vəslidir, Çün mən ol məhbubu buldum, cənnətü hur olmuşam.

______________________Milli Kitabxana_______________________

Lüğət: Sər – Baş; Nur – İşıq; Laməkan – Məkansız; Məstur – Gizli; Zikr – Xatırlama, söyləmə

İmadəddin Nəsimi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.