Əsas məzmuna keç

Qəzəl

Gəlgil ki, səndən ayru müştaqə can gərəkməz

İmadəddin Nəsimi

1

Gəlgil ki, səndən ayru müştaqə can gərəkməz, Müştaqə sənsiz, ey can, iki cahan gərəkməz.

Gülzarə, sərvə könlüm meyl eyləməz anunçün, Qəddindən özgə, ey can, sərvi-cinan gərəkməz.

Şol binişani buldum, anın nişanı oldum, Üzün görənə ayruq namü nişan gərəkməz.

Gördüm səni gümansız hər dilbərin üzündə, Həqqül-yəqin görənə zənnü güman gərəkməz.

Çün vasil oldun, ey can, bizimləsən cahanda, Olduq vüsalə qane, kövnü məkan gərəkməz.

Mişkin saçına çün kim, verdim iki cahanı, Assiyə uğrayana qılca ziyan gərəkməz.

Qaşınla kirpiyin çün seyd eylədi cahanı, Səyyad olana ayruq tirü kəman gərəkməz.

Şirin ləbin meyindən çün əsridi Nəsimi, Faş oldu sirri-pünhan, şərhü bəyan gərəkməz.

Lüğət: Şol – O; Ayruq – Ayrı B; Assi – Xeyir; Ziya – Parıltı; Seyd – Ov

İmadəddin Nəsimi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.