Əsas məzmuna keç

Qəzəl

Gəlgil ki, qapdı şövqi-cəmalın qərarımı

İmadəddin Nəsimi

1

Gəlgil ki, qapdı şövqi-cəmalın qərarımı, Zar eylədi fəraqi-rüxün laləzarımı.

Yarəb, zəmanə həqqinə mən neylədim kim, ol Məndən cəfavü cövr ilə ayırdı yarımı?

Yaxdı fəraqın, ey güli-xəndan, məni oda, Gəlgil, söndür abi-vüsalinlə narımı.

Vəslin şikarım olmuş ikən bəxti-sə’dilən, Qaçırdı hasidin gözü məndən şikarimi.

Nəqşü nigarı gör fələkin kim, nə nəqş ilə Nəqş eylədivü qapdı əlimdən nigarımı.

Mənsuri-eşqə axirətin darı oldu dar, Ol dara gəl ki, ta görəsən anda darımı.

Düşdüm ləbi vüsali-meyindən xümarına, Gəlgil həm ol şərab ilə dəf et xümarımı.

Şövqün qışından ağlayıcı küz tökər yaşın, Vəslin gününə döndərü güldür baharımı.

Ey latə tapıcı, səni eyb etməzəm, nədən, Kim, görməmişsən ol sənəmi-gülüzarimi.

Sən yarı qılmışam iki aləmdə ixtiyar, Məndən kim ayruq ala bilir ixtiyarımı.

Xalü xətin şümarını gəl sor Nəsimiyə, Ta sən hesabını biləsən, mən şümarımı.

Lüğət: Dar – Ev; Ayruq – Ayrı B; Şümar – Say T

İmadəddin Nəsimi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.