Gəldi sürahi məclisə, rəf’ eyləmiş niqab
Gəldi sürahi məclisə, rəf’ eyləmiş niqab, Nur eylədi bu məclisi zərrinpər afitab.
Manəndi-cami-Xızr nəbidir misal ilən, Abi-həyat içindəki can bəxş edən şərab.
Qül-qül deyər mütariyə, yə’ni di gəl, di gəl, Baş endirir piyaləyə kim, qılma ictinab.
Mə’şuqi-sərvqamətü məhbubi-simtən, Tavusi-rövzə cilvə qılır, çıxmış əz hicab.
İçmiş şərabi-lə’l çü sərxoş öpər əyağ, Nəql eyləməkdə canü cigərdən dilər kəbab.
Ayineyi-İskəndərü həm cami-Cəm budur, İzhar edər cəhanı, qılur şeyxi çün şəbab.
Hər yerdə kim, otura, Xətayi, o xurvəş, Gögdə məlayik oxur: “Ya leytəni turab”.
Lüğət: Sürahi – uzun boğazlı şərab şüşəsi; Niqab – üz örtüyü; Manənd – bənzər, tay; Abi – həyat – dirilik suyu; İctinab – çəkinmək; Simtən – gümüş bədən; Hicab – örtük, pərdə, utanma