Əsas məzmuna keç

Qəzəl

Gəldi fikrin könlümə, ya rəb, ola can bixəbər

Seyid Əzim Şirvani

1

Gəldi fikrin könlümə, ya rəb, ola can bixəbər, Can çıxaydı cismdən əhvalə canan bixəbər.

Yandırır balü pərin pərvanə şəmə hər gecə, Suzişi-pinhandan ol şəmi-şəbistan bixəbər.

Vaqif olsaydım qoyarmıydım çıxa xət ruyüvə, Tutdu bu gülzarı ol xari-müğilan bixəbər.

Qafil oldun, ey münəccim, açmadın təqvimdə, Gərdi-xət qondu, tutuldu mahi-taban bixəbər.

Olma qafil haləti-üşşaqdən, ey murxət, Hiç hali-murdən olmaz Süleyman bixəbər.

Göz önün barmaqlarımla tutmuşam şamü səhər, Qorxuram nagəh ola aləmdə tufan bixəbər.

Kamran idim visali-yardə Seyyid kimi, Saldı şövkətdən məni axırda hicran bixəbər.

Seyid Əzim Şirvani
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.