Gəl-gəl ey lalə rüxum, mahvəşim, tabanım
Gəl-gəl ey lalə rüxum, mahvəşim, tabanım, Mehribanım, gözəlim, ruhi-rəvanım, canım.
Gülsitanım, çəmənim, bağü baharım, süsənim, Bülbülüm, qönçə gülüm, yasəmənim, reyhanım.
Göstər ol arizi-alın mənə qurbanın olum, Qaşların vurğunuyam ey qara göz ceyranım.
Atıl ağuşuma tərlan kimi şad eylə məni. Ki, basım bağrıma can tək səni ey cananım.
Öpüm ol gül yanağından, sovurum ləblərüvi, Dada gəlsin dəhənim, ta ki, durulsun qanım.
Valeh etmiş o gülüşlü baxışın sevgiləri, Bax bu heyranüvə ey qönçə güli-xəndanım.
Danış ol nitqi gühərbar ilə şirin-şirin, Tutilər tərk eləsin şəkkəri-qəndistanım.
Sevgi əsrarına sən vaqifi agahımsan, Məzhəbi-eşqdə yalnız sənədir imanım.
Eyn qılmandu Şəfai, bu mələksimalar, Dönəcək cənnətə bunlarla Azərbaycanım.