Əsas məzmuna keç

Qəzəl

Gəl ey şeyda könül, get aşiqi-canan olursan, ol

Məhəmmədəli Şəfai

2

Gəl ey şeyda könül, get aşiqi-canan olursan, ol, Vəfalı olsa cananın, neçə heyran olursan, ol.

Məhəbbət eylə, bir canana ki, sevsin səni can tək, Deyilsə, mübtəlalikdir, gəzib nalan olursan, ol.

Vurulma hüsni-zibayə, ləbi-xəndanə can vermə, Gözəl əxlaqili bir dilbərə, qurban olursan, ol.

Sevimli eşq leylasi olursa, nazlı məşuqə, Onun eşqində sən məcnuni-sərgərdan, olursan, ol.

Səni aldatmasın könül, kamanqaşlar, xumar gözlər, Ona yalnız tamaşa etməyə mehman, olursan, ol.

Vəfalı bir gözəldən ötrü çox gəzdimsə, az gördüm, Könül, sən də gəl imdi, gəl, o azlardan olursan, ol.

Şəfai, yoxdur heç bir ölkədə bu qarə gözlərdən, Vətən ceyranıdır bunlar, baxıb heyran olursan, ol.

Məhəmmədəli Şəfai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.