Gəl, ey könlümdə can, canda bədənsən
Gəl, ey könlümdə can, canda bədənsən, Nə candasan, əcəb kim, canü tənsən.
Səni dil necə şərh etsin, a can, kim, Nə bilsinlər səni kim, can, nədənsən?
Üzün çün qul-hüvəllahü əhəddir, Həqiqət mö’cüzü, həqdən gələnsən.
Vücudun zati-mütləqdir məgər kim, Nəyə kim, baxar isəm anda sənsən.
Nə yerdənsən, səni heç kimsə bilməz, Məgər cənnət təki hübbülvətənsən?
Ələl-ərş istivadan dəm urursan, Bu mə’nidən ki, səndən oldu, sənsən.
Nəsimi çünki buldu xoş məlahət, Şirindir hər sözü, şirindəhənsən.
Lüğət: Dil – Ürək; İstiva – Ekvator xətti