Əsas məzmuna keç

Qəzəl

Gəcrəvişdir bu asiman, əfsus!

Xurşidbanu Natəvan

1

Gəcrəvişdir bu asiman, əfsus! Bivəfadır cəhanü can, əfsus!

Nə yaman dağ imiş oğul dağı, Mənə üz verdi imtahan, əfsus!

Göz evin qoydu nagəhan xali, Oldu ol mərdümin nəhan, əfsus!

Mehrini kəsdi mən bəlakeşdən, Oldu xak ilə mehriban, əfsus!

Ey gözüm nuri, hasili-canım, Çəkərəm sənsiz əlaman, əfsus!

Sərv qəddin düşübdü xak üzrə, Sənə bid oldu sayəban, əfsus!

Səni ləbtəşnə yad edəndə, olur Göz yaşım cuy tək rəvan, əfsus!

İzzətü cahü dövlət içrə səni Görmədim bircə kamran əfsus!

Arizuvü həvəs xəcil səndən, Olmadın heç şadman, əfsus!

Səni ağuşə çəkdi xaki-siyah, Əşkdən bağrım oldu qan, əfsus!

İtirib bir şükuftə qönçəsini, Qaldı sərkəştə Natəvan, əfsus!

Lüğət: Xak – torpaq; Bid – söyüd ağacı; Sayəban – kölkə salan; Ləbtəşnə – susuz; Cuy – arx; Şükuftə – açılmış, çiçəkləmiş; Natəvan – qüvvəsiz, halsız, köməksiz

Xurşidbanu Natəvan
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.