Əsas məzmuna keç

Qəzəl

Firqətin yandırdı bağrımı, yürəgim qan oldu, gəl!

İmadəddin Nəsimi

1

Firqətin yandırdı bağrımı, yürəgim qan oldu, gəl! Gəl ki, didarın bu sayru cana dərman oldu, gəl!

Dünyanın nazü nəimi, bağü bustanı mana Sənsiz, ey sultani-xuban, bəndü zindan oldu, gəl!

Istədi lə’lin fərağı canımı yaxmaq, vəli Şövqə yanmış cana vəslin abi-heyvan oldu, gəl!

Ol könül ki, daima işi səninlə vəsl idi, Yandı şövqündən, əsiri-dərdü hicran oldu, gəl!

Canımın canı vüsalındır, vüsalından anı Ta kim, ayırdı fələk, biçarə bican oldu, gəl!

Aşiqin bağü gülüstanı üzün gülzarıdır, Qanğı gülzarın adı gülsüz gülüstan oldu, gəl!

Mö’cüzatından yanağun, möhkəmatından saçın, Xarü xaşakı cahanın vərdü reyhan oldu, gəl!

Bəhri-bipayana şövqün canımı qərq eylədi, Gör nə bidad eylədi hicrin, nə tufan oldu, gəl!

Cənnətin səhnində tuba valehü aşüftəhal, Qamətin hüsnilə, ey sərvim, xuraman oldu, gəl!

Ta məni təqdiri-yəzdan eylədi səndən cüda, Könlümün halı pərişan, didə giryan oldu, gəl!

Çün Nəsimi səndən ayrı bildi kim, yoxdur vücud, Küfrü iman, vəslü hicran cümlə yeksan oldu, gəl!

Lüğət: Didar – Görüş; Sayru – Xəstə; Qanğı – Hansı; Vərd – Qızılgül; Bəhr – Dəniz; Bidad – Zülm; Yəzdan – Allah; Cüda – Ayrı; Didə – Göz; Giryan – Ağlar

İmadəddin Nəsimi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.