Əsas məzmuna keç

Qəzəl

Firqətin dərdindən, ey can, yürəgim qan oldu, gəl!

İmadəddin Nəsimi

1

Firqətin dərdindən, ey can, yürəgim qan oldu, gəl! Gözlərim yaşı cahanı dutdu, tufan oldu, gəl!

Canımın vəslinlə həqdən ittisalı var ikən, Dövləti-vəslindən ayru düşdü, hicran oldu, gəl!

Çəkdi mişkin zülfünü, aldı əlimdən ruzigar, Şol səbəbdən könlümün halı pərişan oldu, gəl!

Gərçi məndən surətin qaibdir, ey huricamal, Sanma kim, gözdən camalın nəqşi pünhan oldu, gəl!

Firqətin şol dərd imiş canımda kim, hər kimsə kim, Fikrinə düşdü bu dərdin, əqli heyran oldu, gəl!

Səndən ayrı düşdügüm ağulər içirdi mana, Vüslətin tiryakı qanı, vəqti-ehsan oldu, gəl!

Xızr əgər zülmətdə istər çeşmeyi-heyvanını, Susamış müştaqə lə’lin abi-heyvan oldu, gəl!

Gərçi xəndandır fərəhdən ağzı açılmış gülün, Əndəlibin gözlərin gör kim, nə giryan oldu, gəl!

Yar cövr etmiş Nəsimiyə, rəvadır gər ana, Öz nigarından cüda zəncirü zindan oldu, gəl!

Lüğət: İttisal – Birləşmə, qovuşma K; Şol – O; Giryan – Ağlar; Cüda – Ayrı

İmadəddin Nəsimi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.