Firqət içində yürəgim gör ki, nə parə-parədir
Firqət içində yürəgim gör ki, nə parə-parədir, Bağrımı gör bu qüssədən kim, necə yarə-yarədir.
Qəmdə yanan bu aşiqə lütfü inayət eyləgil, Ey büt, əgərçi yürəgin mərmərü səngi-xarədir.
Lə’li-ləbin hədisini eşidəlidən, ey sənəm, Səcdə edər mələk kimi, səcdəsi qüdsi-narədir.
Mən bu təriqü vəch ilə cövrü cəfadan usandım, Çünki həmişə yarımın cövrü cəfası yarədir.
Yaralı eylədi məni cür’əsi ağulu qəmin, Yaralı qoyma yarını, dərdinə gör nə çarədir?
Nazü itabü işvəsi yaxdı məni fəraqilə, Daim onunla aşiqin işi bu rəsmü karədir.
Ayü günü nə vəch ilə üzünə nisbət eyləyim, Hüsni-rüxün qatında çün ay ilə gün sitarədir.
Zərqü riyavü sufilik zərrəcə assi eyləməz, Şol kişiyə ki, rəğbəti ol meyi-bixumarədir.
Hüsnünə aşiq eylədi, canımı yandırar qəmin, Gör ki, nə ftitnələr qılur ol ki, bu hüsni-yarədir.
Zövrəqinin məhəbbətin dənizinə buraxmışam, Gəl çək anı kənara kim, meyli anın kənarədir.
Zülfü tozundan oldu çün canü təni Nəsiminin, Əslinə qaruşur yenə, ric’əti şol qubarədir.
Lüğət: Səng – Daş; Təriq – Yol; Yarın – Səhər; Sitarə – Ulduz; Zərq – Hiylə, yaltaqlıq; Assi – Xeyir; Şol – O