Fəraqı çəkməyən aşiq vüsalın qədrini bilməz
Fəraqı çəkməyən aşiq vüsalın qədrini bilməz, Cəmilə olmayan vasil cəmalın qədrini bilməz.
Şəbi-əsradə qövseynin iki nisf eylədi ayı, Bu mö’cüzdən olan qafil hilalın qədrini bilməz.
Xəyalından gözün hər kim, buraxdı özgə mənzurə, Bu mə’nidəndir, ey can kim, xəyalın qədrini bilməz.
Dodağın səlsəbilindən xəbərdar olmayan qafil, Anın mahiyyəti oddur, zülalın qədrini bilməz.
Müdəvvər nöqteyi-xalın bəbəktək eynə qondurdum, Bəbəksiz qalsın ol göz kim, bu xalın qədrini bilməz.
Kəlamüllahə, ey dilbər, ki boyun gərçi dal oldu, Hər əyri baxanın eyni bu dalın qədrini bilməz.
Üzündür şəksiz allahın yəmini, Kə’bəsi, beyti, Yəmini bilməyən, bil kim, şimalın qədrini bilməz.
Nihalın e’tidalından utanır sidrəvü tuba, Bu qəddi bənzədən sərvə nihalın qədrini bilməz. Günəş mahın təmamindən zəvalə hər gün uğrar, çün Nədən şol afitabi-bizəvalın qədrini bilməz.
Nəsimi sufə dəgşirməz qəmindən geydigi şalı Kim, ol sufi səfasızdır, bu şalın qədrini bilməz.
Lüğət: Nisf – Yarı; Şol – O; Afitab – Günəş