Əsas məzmuna keç

Qəzəl

Ey zahidi-xudbin, bilirəm kim, hünərin yox

Seyid Əzim Şirvani

1

Ey zahidi-xudbin, bilirəm kim, hünərin yox. Meydani-məhəbbət tərəfə bir güzərin yox.

Mehrabdə əgləş ki, cigərdar degilsən, Bu nari-qəmə yanmağa əsla cigərin yox.

Ta müxbiri-eşq oldu könul, bixəbərəm mən, Zahid, xəbərim yox, bu xəbərdən xəbərin yox.

Sən eylə pəri, hur xəyalilə ibadət, Bəzmində ələnnəqd büti-simbərin yox.

Ey zahidi-xüşk, eyləmə üşşaqə təfaxür, Ahi-səhərin, suzi-dilin, çeşmi-tərin yox.

Nə vəslü nə ağuşü nə bir busü kənarın, Ey nəxli-məlahət, bizə əsla səmərin yox.

Ey dil, elədin cənnəti-kuyini təmənna, Uçmağa hanı, heyf, sənin balü pərin yox.

Bəsdir sənə rüxsari-zərü əşk çü simin, Seyyid, nə qəmin, gərçi sənin simü zərin yox.

Seyid Əzim Şirvani
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.