Ey xoş ol məst ki, bilməz qəmi-aləm nə imiş
Ey xoş ol məst ki, bilməz qəmi-aləm nə imiş, Nə çəkər aləm üçün qəm, nə bilər qəm nə imiş.
Bir pəri silsileyi-eşqinə düşdüm nagəh, Şimdi bildim səbəbi-xilqəti-Adəm nə imiş.
Vaiz övsafi-cəhənnəm deyər, ey əhli-vərə’, Var onun məclisinə, bil ki, cəhənnəm nə imiş.
Oxu köksümdən ötüb, qalmış imiş peykanı, Ah, bildim səbəbi-ahi-dəmadəm nə imiş.
Ey Füzuli, məzeyi-saqiyü səhba bildin, Tövbə qıl, ta biləsən zərqü riya həm nə imiş.
Lüğət: Xilqət – xəlq olunmaq, yaranmaq; Peykan – ox; Zərq – hiylə, biclik