Əsas məzmuna keç

Qəzəl

Ey xoş ol günlər ki, rüxsarın mənə mənzur idi

Məhəmməd Füzuli

1

Ey xoş ol günlər ki, rüxsarın mənə mənzur idi, Çeşmi-ümmidim çiraği-vəsldən pürnur idi.

Qürb şövqi afiyətbəxşi-təni-bimar idi, Vəsl zövqi rahətəfzayi-dili-məhcur idi.

Izzətim şəm’i münəvvər, taleyim əzmi qəvi, Dövlətim hökmü rəvan, eyşim evi mə’mur idi.

Daməni-iqbalimə gərdi-təərrüz yetməyib, Çeşmi-hasid çöhreyi-cəm’iyyətimdən dur idi.

Adəm idim, qürbi-dərgahında bulmuşdum qəbul, Mənzilim cənnət, meyim kövsər, ənisim hur idi.

Bəxt mətlubim müyəssər qılmağa məhkum olub, Dəhr əsbabim mühəyya qılmağa mə’mur idi.

Hər dua qılsam, təvəqqüfsüz olurdu müstəcab, Hər təmənna eyləsəm, ehmalsız məqdur idi.

Hicr vəhmindən yetirməzdim küdurət könlümə, Gərçi dövranın müxalif gəzməgi məşhur idi.

Nola gər salsa Füzulini qəmi-hicranə çərx, Vəsl əyyamında ol qafil ikən məğrur idi.

Lüğət: Mənzur – nəzərə alınmış, baxılmış; Qürb – yaxınlıq; Gərd – toz; Təərrüz – sataşmaq, hücum etmək, dolaşmaq; Hasid – gözü dar, həsəd əhli, paxıl; Dur – uzaq; Ənis – həyan, dost; Hur – huri, pəri, gözəllər

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.