Əsas məzmuna keç

Qəzəl

Ey üzün səb’ülməsani, nəzzələl-Fürqan budur

İmadəddin Nəsimi

1

Ey üzün səb’ülməsani, nəzzələl-Fürqan budur, Vəhyi-mütləq həq kəlamı, qaf-vəl-Qur’an budur!

Şol həyat abı ki, buldu Xızr anı zülmətdə, uş Bulmuşam lə’lində, yə’ni, çeşmeyi-heyvan budur!

Ey Irəm gülzarı üzün, vey dodağın səlsəbil, Aşiqin rizvanı sənsən, rövzeyi-rizvan budur!

Söyləmək vəqtində şirin ləblərindən can yağar, Afərin ol cana, ey can afərin, bürhan budur!

Zərqü təzvirin zamanı keçdi, ey zahid, oyan, Eşqə taət qıl ki, oldu hökm anın, fərman budur!

Ey qılan tövhidü iman küfrü şirkin adını, Gər bu ziba surətə qıl səcdə kim, iman budur!

Əhsənül-təqvimi inkar eylər imansız fəqih, Şol əzazilin ki, adın həq dedi şeytan, budur!

Gər desəm həqsən, nigara, qüssədən iblis ərir, Vər desəm insan, bu sığmaz əqlə kim, insan budur.

Gözlərin Allahu nurün ayətin təfsir edər, Ey bu mə’nidən xəbərsiz, surəti-rəhman budur!

Dilbərin yolunda qurban ol, fəda qıl canını, Ey bəqasız cana aşiq, cavidani can budur!

Aşiqin başilə oynar şol nigarın zülfü, uş Aşiq ol, meydana gir kim, top ilə çövkan budur!

______________________Milli Kitabxana_______________________

Eşqə çün dərman bulunmaz, keç əməkdən, ey həkim, Gəl bilinməz nəsnədən keç, əbsəm ol, dərman budur!

Ey deyən xəndan ağızlı bitmiş ongünlük gülə, Gəl bu rüxsarın gülün gör kim, güli-xəndan budur!

Gəl Nəsiminin əlindən badəyi nuş eylə kim, Layəzali işrət oldur, qüssəsiz dövran budur!

______________________Milli Kitabxana_______________________

Lüğət: Şol – O; Rizvan – Cənnət; Bürhan – Dəlil, sübut; Zərq – Hiylə, yaltaqlıq; Təzvir – Hiylə; Taət – Din və dünya qaydalarına itaət etmə; Tövhid – Birlik; Şirk – Çoxallahlılıq; Ziba – Gözəl; Bəqa – Baqilik; Nəsnə – Bir şey; Əbsəm – Lal; Layəzal – Ölməz, əbədi

İmadəddin Nəsimi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.