Ey üzün nuri-təcəlli, mə’niyi-iman budur
Ey üzün nuri-təcəlli, mə’niyi-iman budur, Hər kim iqrar eyləməz, insan degil, heyvan budur.
Sün’ü biçun eylədi zahir üzün, yüz afərin, Yoxdur anda sirri-peyda, nükteyi-pünhan budur.
Görmüşəm ziba üzünü, surəti-rəhmandurur, Sormuşam lə’li-ləbini, dərdimə dərman budur.
Leylətül-me’rac zülfün, qabə qövseyndir qaşın, Hər kişi kim, oldu layiq, eydinə qurban budur.
Surətin lövhündə yazmış nəqşbəndi-kafü nun, Ayəti-Allahu nurən, höccətü bürhan budur.
Surətin vəchində buldu, bildi arif sirrini, Bilmədi qafil bu sirri, cahilü nadan budur.
Söylədi zahir Nəsimi şe’rini, verdim cavab: Ruhi-qüdsü qıldı təhsin, dedi kim, Salman budur.
Lüğət: Təcəlli – Əzəmətli zühur etmə; Ziba – Gözəl; Bürhan – Dəlil, sübut; Təhsin – Yaxşılaşdırma, bəyənmə