Əsas məzmuna keç

Qəzəl

Ey üzün “nəsrün-minəllah”, vey saçın “fəthün-qərib”

İmadəddin Nəsimi

1

Ey üzün “nəsrün-minəllah”, vey saçın “fəthün-qərib”, Ey bəşər surətli rəhman, vey mələksima həbib!

Valehəm hüsnünə, ey mişkin saçından münfəil, Cənnətin bağında reyhan, sünbülün çiynində tib!

Zülfü rüxsarındır ərrəhman-ələl-ərş-istiva, Kə’bənin mehrabı qaşın, fitnəli eynin xətib.

Ənbərəfşan sünbülün əsrarı oldu aşikar, Gəldi ruhüllahü mənsux oldu zünnarü səlib.

Surətin lövhindən endirdi kitabı Cəbrəil, Ey camalın həq kəlamı, innəhü-şey’ün-əcib.

Aşiqin əsrarını, həqqi bilən arif bilir, Aşina halın nə bilsin nəfsini bilməz qərib.

Kim ki, sevdasından oldu sayru şəhla gözlərin, Şərbəti şirin ləbindir, Isəvi nitqin təbib.

Xubların eşqindən, ey zahid, məni mən’ eyləmə, Çün mana eşq eyləmiş qismət günündə həq nəsib.

Ey ədib, uy vermə adabından əhli-vəhdətə, Əbsəm ol, niçün ki, eşq adabını bilməz ədib.

Cənnəti-ədnin gülüstanı rüxündür, şək deyil, Ey gülüstanında ruhüllahi-rizvan əndəlib.

Ey Nəsimi, çün rəfiqin Fəzl imiş, yə’ni ilah, Lütf ilə qəhr oldu vahid, həm həbib oldu rəqib.

Lüğət: Həbib – Dost, sevgili; Münfəil – Pərt olmuş, utanmış; Tib – Bax: Teyb; İstiva – Ekvator xətti; Ənbərəfşan – Ənbər saçan; Əsrar – Sirlər; Zünnar – müsəlman dövlətlərində yaşayan xristianların bağladığı qurşaq; Səlib – Xaç; Aşina – Tanış, dost; Sayru – Xəstə; Əbsəm – Lal; Rizvan – Cənnət; Qəhr – Qəzəb

İmadəddin Nəsimi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.