Ey üzü gül, ləbləri mərcanımız!
Ey üzü gül, ləbləri mərcanımız! Ey gözü nərgis, şəhi-məstanımız!
Üzünə qarşı sücud eylər mələk, Səcdəyə inkar edər şeytanımız.
Nunü eynin həq kitabıdır, vəli Surətin nəqşidürür Qur’anımız.
Surəti-həqdir cəmalın, ey nigar, Uş nəbinin sözləri bürhanımız.
Xızr əgər zülmətdə istər abını, Ləblərindir çeşmeyi-heyvanımız.
Şol səfasız sufiyi gör kim, necə Dəm urar bimə’rifət heyvanımız.
Favü zadü lamdır Fəzli-ilah, Fəzlinə qurban edəlim canımız.
Hökmünə təslim olur canü könül, Ey vücudum təxtinə sultanımız!
Ey Nəsimi, gövhərin xərc eyləmə, Olmayınca müştəri cananımız.
Lüğət: Bürhan – Dəlil, sübut; Şol – O