Ey sənəm, neyçün sənin və’din xilaf olmuşdurur?
Ey sənəm, neyçün sənin və’din xilaf olmuşdurur? Mehrin az olmuş, vəli qəhrin gəzaf olmuşdurur?
Könlümi eşqin aytdı kim, xilas olmaz müdam, Aləmə andan ki, əmri-nunü kaf olmuşdurur.
Surətin əlhəmdürür, vəsfi-cəmalın Vəzzüha, Çün sifatın sureyi-Qur’anda Qaf olmuşdurur.
Abi-kövsərdir dodağın, baği-cənnətdir yüzün Kim, mənə lə’lin şərabi cami-saf olmuşdurur.
Mən neçün hicrində vəslin ləzzətindən kam alam, Vəslin ilən hicrinin işi məsaf olmuşdurur.
Ey könül, qıldın səfər, əzmi-təvəkkül pişə qıl Kim, pənah etmək bizə həqdən kifaf olmuşdurur.
Cövrü qəhrinin yolundan, ey Xətayi, dönməgil, Gər məqamı ol pərinin kuhi-Qaf olmuşdurur.
Lüğət: Mehr – günəş; Vəli – ancaq, lakin; Qəhr – acıq, kədər; Müdam – davamlı, həmişə; Abi – həyat – dirilik suyu; Vəsl – qovuşmaq; Cövr – zülm