Ey sənəm, eşqində hər dəm bu könül bimardir
Ey sənəm, eşqində hər dəm bu könül bimardir, Eylə kim bülbül dəxi ba eşqi-güldür, zardir.
Nə əcəb yüz üstə ol zülfün yatursa hər zaman, Bu mühəqqəqdir ki, gənc üstə nigəhban mardir.
Möhnəti-hicran əlindən, ey sənəm, qəm çəkmənəm, Dərdi-eşqin, ey pəri, hər dəm mana ğəmxardir.
Dün dedi həmdəm mana: – Kimdir sənin könlün alan? Mən dedim: – Bilməzmisən, ol gözləri xunxardir.
Necə tərk etsün Xətayi gül yüzinin vəsfini Kim, şikəstə bülbülün daim yeri gülzardir.
Lüğət: Bimar – xəstə; Mühəqqəq – doğru, gerçək; Gənc – xəzinə; Nigəhban – gözətçi; Dün – dünən, gecə; Xunxar – qaniçən