Ey sariban, qətarımızı kuyi-yarə çək
Ey sariban, qətarımızı kuyi-yarə çək, Rəhm et, bu dağidarləri laləzarə çək.
Ey badi-şürtə, lütfü mürüvvət zamanıdır, Bu bəhrdən səfinəmizi bir kənarə çək.
Ey naxuda, xudayə qəsəm, bu səfinəni, Yarım olan diyarı soruş, kuyi-yarə çək.
Ol Xızri-xət gedib Xəzərilər diyarına, Xızri-rəh ol, bizi dəxi sən ol diyarə çək.
Ey çərx, edib o mah ilə rövşən məqamımız, Beytüşşərəf həvaləsinə bir sitarə çək.
Əğyar ilə şərab içib ol sərvi-lalərüx, Az dağ tazədən bu dili-dağdarə çək.
Seyyid, qübari-məqdəmi ol sərvqamətin, Bir tutiyadı, dideyi-ümmidvarə çək.