Ey rüxün qibleyi-can, xaki-dərin Kə’beyi-dil
Ey rüxün qibleyi-can, xaki-dərin Kə’beyi-dil, Rəhi-eşqində fəna sərhədi əvvəl mənzil.
Lalərəng etdi gözüm qan ilə xaki-dərini, Kimyagərdir edər gördüyü toprağ qızıl.
Ol ki, yarın şəbi-hicrinə qiyamət günü der, Xəlq arasında qiyamət günü olmazmı xəcil?
Qatı müşküldür işim zülfi-girehgirindən, Səbr bu müşkili, derlər, açar, əmma müşkil.
Etmək olmaz səni agah könül halından, Yazıq ol kim, sənə könlün verə, səndən qafil.
Sevirəm zahidi kim, guşeyi-mehrabı sevər, Xəmi-əbrunə rəqibim olub, olmaz mail.
Dəli dersəm nola üşşaqına gülçöhrələrin, Özünü göz görə odlarə salırmı aqil?
Səni canan sanıram, çıx bədənimdən, ey can! Mənü cananım arasında çox olma hail.
Ey Füzuli, yanıram kim, nə üçün ol üzü gül Mənə yanar od olur, özgəyə şəm’i-məhfil.
Lüğət: Zahid – dünya işlərindən əl çəkərək ibadətlə məşğul olan adam; Hail – pərdə, örtü; Məhfil – toplanacaq yer, yığıncaq