Əsas məzmuna keç

Qəzəl

Ey ruhi-qüdüs, cifeyi-murdara yapışma

İmadəddin Nəsimi

1

Ey ruhi-qüdüs, cifeyi-murdara yapışma! Gülzari-cinanı qoyuban xara yapışma!

Məhbubi-əzəl, yari-əbəd var ikən, ey yar, Əğyar ətəgin dutmavü əğyara yapışma.

Mənsur kimi istər isən mənzili-ali, İtirmə bəqa darı, fəna dara yapışma!

Ey küpəyi incudan edən, məndən eşit pənd, Söz dürrünü dut, lö’löi-şəhvara yapışma!

Qaludan əgər aləmə iqrar ilə gəldin, İqrarını tərk eyləmə, inkara yapışma.

Ey mə’rifətin müshəfi, uş kənz ilə müsbah, Miftah budur, məcməi-muxtara yapışma!

Mənlik satanın çünki dəğəl çıxdı qumaşı, Var, ari mətah istə, bu bazara yapışma!

Kəsb eyləməyən axirəti, anı dəli bil, Ey əql iyəsi, dünyayi-qəddara yapışma!

Saçı qaranın zülfünə yapışdı Nəsimi, Ey badə verən ömrünü, zünnara yapışma!

______________________Milli Kitabxana_______________________

Lüğət: Cifeyi – murdar – Murdar leş; Gülzari – cinan – Cənnət gülzarı; Bəqa – Baqilik; Pənd – Nəsihət; Müshəf – Kitab; Kənz – Xəzinə; Miftah – Açar; Dəğəl – Fırıldaq; Zünnar – müsəlman dövlətlərində yaşayan xristianların bağladığı qurşaq

İmadəddin Nəsimi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.