Ey qəmli könül, gəlmədi canan, əcəb oldu
Ey qəmli könül, gəlmədi canan, əcəb oldu, Yandırdı səni atəşi-hicran, əcəb oldu.
O sevmədi, sən sevdin onu, aşiqi oldun, Etdi günüvü qarə, o ağ can, əcəb oldu.
Söz verdi ki, gəlləm gecə yarı sizə mehman, Göz yolda qalıb, gəlmədi mehman, əcəb oldu.
Min dəfə dedim, bu qara gözlərdə vəfa yox, Sındı neçə gör əhdilə peyman, əcəb oldu.
Bax indi gəzir yadlar ilə sevdiyin ol yar, Baxmaz sənə yan-yanı da, yan, yan, əcəb oldu.
Sən öpdün ayağın o vəfasız gülün, amma O öpmədi qönçə yanağdan, əcəb oldu.
Ey eşqli könül, demə hər şuxgözə ceyran, Qaçdı neçə gör səndən, o ceyran, əcəb oldu.
Öldürdü, Şəfai, səni yüz naz ilə canan, Can oldu o məhparəyə qurban, əcəb oldu.