Əsas məzmuna keç

Qəzəl

Ey olub me’rac bürhani-ülüvvi-şan sana!

Məhəmməd Füzuli

1

Ey olub me’rac bürhani-ülüvvi-şan sana! Yerə enmiş göydən istiqbal edib Fürqan sana.

Heyni-də’vayi-nübüvvət müddəi ilzaminə, Cahil ikən el, kəmali-elm bəs bürhan sana.

Kilki-hökmün çəkdi hərfi-sairi-ədyanə xət, Hökm isbat etdi nəfyi-sairi-ədyan sana.

Baqiyi mö’cüz nə hacət əmri-həq isbatinə, Aləm içrə mö’cüzi-baqi yetər qur’an sana.

Vəsf Cibrili-əmin etmiş qəbuli-xidmətin, Sirri-Həq kəşfinə ayətlə yetib fərman sana.

Sənsən ol xatəm ki, dəf’ etmiş təmami-hakimi, Xatəmi-hökmi-risalət tapşırıb dövran sana.

Ol qədər zövqi-şəfa’ət cövhəri-zatındadır Kim, gəlir ərzi-xəta mə’nidə bir ehsan sana.

Mahi-növdür, yoxsa sən etdikdə seyri-asiman, Qaldırıb barmaq gətirmiş asiman iman sana.

Ya nəbi, lütfün Füzulidən kəm etmə ol zaman Kim, olur təslim miftahi-dəri-ğüfran sana.

Lüğət: Bürhan – dəlil, sənəd; Ülüvv – ucalıq, yüksəklik; İstiqbal – pişvaz etmək, qabağa çıxmaq, qarşılamaq; Fürqan – Quranın ikinci adı; xeyirlə şəri ayıran; Heyn – an, zaman; Müddəi – iddia edən, rəqib; Kilk – qələm; Ədyan – dinlər; Baqi – əbədi, daimi, həmişəlik; artıq qalan; Əmin – inanılmış; mötəbər; Xatəm – üzük qaşı, möhür; Miftah – açar

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.