Əsas məzmuna keç

Qəzəl

Ey nuri-səmavatü zəmin, gərçi nihansan

Seyid Əzim Şirvani

1

Ey nuri-səmavatü zəmin, gərçi nihansan, Amma nəzəri – arifü danadə əyansan.

Batin gözünün yox səni görməkdə qüsuri, Zahir gözü görməz səni, əlbəttə, nihansan.

Zatın eləyib cümleyi-əşyadə təcəlla, Musa közünə turi-həqiqətdə əyansan.

Bir Adəmü İsadə degil nəfxeyi-ruhun, Aləm hamı qalibdi, sən ol qalibə cansan.

Kəssən nəzəri-feyzüvi bir ləhzə cahandan, Nabud olur aləm, sən ona ruhi-rəvansan.

Gəh badi-səbatək verisən gülşənə rövnəq, Gəh soldurusan gülləri, sən badi-xəzansan.

Sən qaimi-bizzatsən, aləm hamı bilğeyr, Xəllaqi-səmavatü zəmin, kövnü məkansan.

Minbir adının hər biri bir aşiqə munis, Tapmaz səni bir kəs, genə binamü nişansan.

Ey Seyyidi-pir, eylə meyi-vəhdətə rəğbət, İstərsən əgər olmağa həmvarə cavan, sən?

Seyid Əzim Şirvani
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.