Əsas məzmuna keç

Qəzəl

Ey müsəvvir, yar timsalinə surət vermədin

Məhəmməd Füzuli

1

Ey müsəvvir, yar timsalinə surət vermədin, Zülfü rüx çəkdin, vəli tabü təravət vermədin.

Eşq sevdasından, ey naseh, məni mən’ eylədin, Yox imiş əqlin, mənə yaxşı nəsihət vermədin.

Dün ki, fürsət düşdü xaki-dərgəhindən kam alam, Noldu, ey göz yaşı, göz açmağa fürsət vermədin.

Göz yumub aləmdən, istərdim açam rüxsarinə, Canım aldın, göz yumub-açınca möhlət vermədin.

Bumudur rəhmin ki, xalin eylər ikən qəsdi-can, Çıxdı xəttin kim, onu mən’ edə, rüxsət vermədin.

Vermə hüsn əhlinə, ya rəb, qüdrəti-rəsmi-cəfa, Çün cəfa çəkməkdə eşq əhlinə taqət vermədin.

Ey Füzuli, öldün, əfğan etmədin, rəhmət sənə! Rəhm qıldın, xəlqə əfğanınla zəhmət vermədin.

Lüğət: Kam – arzu; damaq, ağız

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.