Əsas məzmuna keç

Qəzəl

Ey müsəlmanlar, mədəd, ol yar pünhan ayrılır

İmadəddin Nəsimi

1

Ey müsəlmanlar, mədəd, ol yar pünhan ayrılır, Ağlamayım neyləyim, çün gövdədən can ayrılır.

Ey sənəm, hicran əlində naleyi-zar eylərəm, Gözlərimdən sanasan dəryayi-ümman ayrılır.

Ol səbəbdəndir ki, mən bimarü rəncur olmuşam, Xəstə könlüm mərhəmi, şol dərdə dərman ayrılır.

Rəngi-çöhrəm zərd olubdur, qamətim həm çün hilal, Ol günəş üzlü həbibim, lə’li-xəndan ayrılır.

Taqətim, səbrim tükəndi, yarsız mən neylərəm? Əqlimi şeyda qılan ol çeşmi fəttan ayrılır.

Məhşəri-yövmül-hesab, qopdu qiyamət başıma, Ey Yusuf surətli, məndən piri-Kən’an ayrılır.

Ey cigərsuz nari-firqətdən Nəsimi çarə nə? Hər kimə nəhnü qəsəmna çün əzəldən ayrılır.

Lüğət: Bimar – Xəstə; Şol – O; Zərd – Sarı; Həbib – Dost, sevgili; Çeşm – Göz; Yövmül – hesab – Hesab günü, qiyamət günü Z

İmadəddin Nəsimi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.