Əsas məzmuna keç

Qəzəl

Ey müsəlmanlar, bu gün ol yari-pünhan ayrılır

Şah İsmayıl Xətai

1

Ey müsəlmanlar, bu gün ol yari-pünhan ayrılır, Uçdu ruhim, getdi əqlim, gövdədən can ayrılır.

Ayrılır ol yari-sərdarım, gedir, qoymuş məni, Səd hezaran dadü bidad bəndədən can ayrılır.

Ey könül, fəryadü nalə vəqtidir, eylə fəğan, Şimdi şəhrindən sənin ol şahü sultan ayrılır.

Zar qıl bülbül kimi, çak et yaxanı gül kimi, Şol əzəldən yar, həmdəm, əhdü peyman ayrılır.

Gözlərim, hər dəmdə mövc eylə ki, firqətdir bu gün, Tök sədəflər dürrini kim, gövhəri-kan ayrılır.

Dost vida eylər mənimlən, ağlaram mən zar-zar, Gözlərimdən hər zaman gör bəhri-ümman ayrılır.

Ey Xətayi, tanrı sorsun bu şikəstə könlümi, Zərd olubdur arizin, andan məgər qan ayrılır?

Lüğət: Səd – yüz; Çak – yırtıq; Şol – o; Firqət – ayrılıq; Dürr – inci; Kan – mədən; Bəhr – dəniz; Ariz – yanaq

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.