Ey məzaqi-canə cövrün şəhdü şəkkər tək ləziz
Ey məzaqi-canə cövrün şəhdü şəkkər tək ləziz, Dəmbədəm zəhri-qəmin qəndi-mügərrər tək ləziz.
Atəşi-bərqi-fəraqın nari-duzəx tək əlim, Cür’eyi-cami-vüsalin abi-kövsər tək ləziz.
Şərhi-əhvalım sənə məstə nəsihət kimi təlx, Təlx göftarın mənə məxmurə sağər tək ləziz.
Daği-eşqin dərdi zövqi-səltənət tək dilpəzir, Xaki-kuyin seyri fəthi-həft kişvər tək ləziz.
Nola bulsam zövq göydürdükcə sinəm üzrə dağ, Əhli-dərdə dağ olur, bidərdə zivər tək ləziz.
Tazə-tazə daği-dərdindir dili-suzanimə Filməsəl, hirs əhlinə cəm’iyyəti-zər tək ləziz.
Ey Füzuli, aləmin gördüm qamu ne’mətlərin, Hiç ne’mət görmədim didari-dilbər tək ləziz.
Lüğət: Ləziz – ləzzətli, dadlı; Bərqi – lame’ – ildırım; Duzəx – cəhənnəm; Təlx – acı; Sağər – qədəh, piyalə; Zivər – bəzək