Ey mələksima ki, səndən özgə heyrandır sana
Ey mələksima ki, səndən özgə heyrandır sana, Həq bilir, insan deməz hər kim ki, insandır sana.
Verməyən canın sənə bulmaz həyati-cavidan, Zindeyi-cavid ona derlər ki, qurbandır sana.
Aləmi pərvaneyi-şəm’i-cəmalın qıldı eşq, Cani-aləmsən, fəda hər ləhzə min candır sana.
Aşiqə şövqünlə can vermək ikən müşkül degil, Çün Məsihi-vəqtsən, can vermək asandır sana.
Çıxma yarım gecələr, əğyar tə’nindən saqın, Sən məhi-övci-məlahətsən, bu nöqsandır sana.
Padşahim, zülm edib aşiq sana zalim demiş, Xubrulardan yaman gəlməz, bu böhtandır sana.
Ey Füzuli, xubrulardan təğafüldür yaman, Gər cəfa həm gəlsə onlardan, bir ehsandır sana.
Lüğət: Cavid – əbədi, daimi, həmişəlik