Ey mələksima, cəmalın rəşki-cənnət bağıdır
Ey mələksima, cəmalın rəşki-cənnət bağıdır, Qamətin Tuba, ləbin guya ki, gül yaprağıdır.
Cismi-zarım əşki-çeşmimdən pozulsa ney əcəb, Tez tapar rəxnə, bəli, bir yer ki, su oynağıdır.
Ləşkəri-qəm könlümün mülkini viran eylədi, Padşahım, bir tərəhhüm qıl, mürüvvət çağıdır.
Vaiza, təqrir qılma çox da ruzi-həşrdən, Aşiq üçün ruzi-məhşər yarın ayrılmağıdır.
Hər yetən şuxi-cəfapişə mənə, eylər sitəm, Bu bəla çəkmiş vücudum xublər tapdağıdır.
Lalələr kim, baş verib xaki-məzarımdan çıxar, Firqətindən çəkdigim sinəmdə həsrət dağıdır.
Lütf edib bir gün nolur sorsan pərişan halımı, Seyyidi-sərgəştə zülfi-pürxəmin dustağıdır.