Əsas məzmuna keç

Qəzəl

Ey məh, mənimlə dustlərim düşmən eylədin

Məhəmməd Füzuli

1

Ey məh, mənimlə dustlərim düşmən eylədin, Düşmən həm eyləməz bu işi kim, sən eylədin.

Peykanlarınla doldu tənim, afərin sənə Bidad çəkməyə tənimi ahən eylədin.

Təhsin sənə ki, könlüm evin tirə qoymadın, Hər zəxmi-navəkin ona bir rövzən eylədin.

Olsun ziyadə rif’ətin, ey ahi-atəşin, Möhnətsəramizi bu gecə rövşən eylədin.

Əksilməsin təravətim, ey əşki-laləgun, Gül-gül damıb məqamımızı gülşən eylədin.

Can çıxsa, mənzil etməyə ev tut hübabdən, Ey göz yaşı ki, qəsdi-binayi-tən eylədin.

Mümkün degil, Füzuli, cahanda iqamətin, Bihudə sən bu mərhələdə məskən eylədin.

Lüğət: Təhsin – alqış, afərin, bəyənmək; Tirə – qaranlıq, tutqun; Zəxm – yara; Navək – ox; Rövzən – pəncərə, baca; Hübab – suyun üzərində əmələ gələn qabarcıq, köpük

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.