Ey könül, yarı istə, candan keç
Ey könül, yarı istə, candan keç! Uyma bu varlığa, cahandan keç!
Diləsən gər cahanda rahətlik, Ondakı yaxşıdan, yamandan keç!
Əyri qamətli çərxə aldanma, Sən də bir ox tək ol, kamandan keç!
Gözümün yaşlarilə ahım tək, Sən də gəl yerdən, asimandan keç!
Talib ol yarə, hər nə aləmdə Səni saxlarsa bundan, ondan keç!
Xəlqə birüzlü, birsifətli görün, Qəlbə niştər vuran zəbandan keç!
Bir öyüddür sənə Füzulidən, Tut yəqin damənin, gumandan keç!