Əsas məzmuna keç

Qəzəl

Ey könül, vəqti-bəhar etdü, xəzan olmuşdurur

Şah İsmayıl Xətai

1

Ey könül, vəqti-bəhar etdü, xəzan olmuşdurur, Su kənarında sənəm sərvi-rəvan olmuşdurur.

Ey fələk, dünya yüzində dövri-hicran keçdi çün, Ol büti-namehribanım mehriban olmuşdurur.

Şərh edəndən bərlü şirin ləblərin övsafini Mürği-canım tutiyi-şəkkər zəban olmuşdurur.

Gərçi düşmən tə’nəsindən çox cəfa çəkdim, vəli Şükr kim, işim bekami-dustan olmuşdurur.

Döşədi yüz dürlü xali bəzm üçün fərraşi-sün’, Saqiya, gəl kim, cəhan baği-cinan olmuşdurur.

Simü zərdən şaxlər doldurdu dəstü damənin, Məclisi-şabaş içün gövhərfəşan olmuşdurur.

Uğraşanda ta ki, eşqin zərrə qılur dağları, Bu Xətayi xəstə andan natəvan olmuşdurur.

Lüğət: Rəvan – həyat, diri, axan, gedən, ruh, can; Mürği – hərim – məhrəm quşu; Vəli – ancaq, lakin; Bəzm – kef məclisi; Fərraşi – sün’– yaradanın xidmətçisi; Cinan – cənnətlər; Dəst – əl; Damən – ətək; Natəvan – gücsüz

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.