Əsas məzmuna keç

Qəzəl

Ey könül, ol xəncəri-müjganə eylərsən həvəs

Məhəmməd Füzuli

1

Ey könül, ol xəncəri-müjganə eylərsən həvəs, Qəsdi-can etdin, bəqayi-ömrdən ümmidi kəs.

Çəkmə qürbət əzminə, ey sariban məhmil, saqın Kim, bu yolda bimi-qürbətdəndir əfğani-cərəs.

Hali-zarimdən səni əfğanım agah eylədi, Şükrlillah, oldu fəryadım mənə fəryadrəs.

Bir-birinə bəs ki, sancıldı tənimdə oxlarım, Mürği-ruhum qeydinə oldu mürəttəb bir qəfəs.

Tə’neyi-əhli-məlamətdən nə nöqsan aşiqə, Bərqi-lame’ dəf’in eylərmi hücumi-xarü xəs?

Suzi-eşqin təndə nagəh bulmasın nöqsan deyib, Can çıxınca istərəm çıxmaya təndən bir nəfəs.

Ey Füzuli, mən qənaət mülkünün sultaniyəm, Səltənət isbatı əgnimdə pəlasi-fəqr bəs.

Lüğət: Bərqi – lame’ – ildırım

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.