Ey könül, ol gül üçün naləvü zar etmə dəxi
Ey könül, ol gül üçün naləvü zar etmə dəxi, Özüvü dideyi-əğyardə xar etmə dəxi.
Həsrətindən bu qədər qanə ki, döndün bəsdir, Həvəsi-buseyi-ləli-ləbi-yar etmə dəxi.
Bəsdir oldun bu qədər bəsteyi-zənciri-cünun, Həvəsi-silsileyi-zülfi-nigar etmə dəxi.
Ömr payanə yetib, muyi-siyəh oldu səfid, Arizuyi-həvəsi-busü kənar etmə dəxi.
Ziri-bari-qəmi-hər simbər olduq bəsdir, Bivəfalər qəmini bizlərə bar etmə dəxi.
Öldürürlər, könül, ol kudən edər kim ki, güzər, Gər güzarın düşə, ol kuyə güzar etmə dəxi.
Seyyida, əlbiseyi-əqldən oldun ari, Təni-hər aqilü fərzanədən ar etmə dəxi.