Ey könül, məscid yolun tərk et, rəhi-meyxanə tut
Ey könül, məscid yolun tərk et, rəhi-meyxanə tut. Tutma əldə zahidin təsbihini, peymanə tut.
Zahidü məscid təmənnasın çox etmə, ey könül, Zahidi bir cüğd bil, həm məscidi viranə tut.
Xublər zülfində görsən bu pərişan könlümü, Boynu bağlanmış onu, zəncirə bir divanə tut.
Ol məhi-namehriban istər ki, zülfün darasın, Sən götür ayinə ey gün, ey qəmər, sən şanə tut.
Can verib cananə, yan şəmi-rüxündən dilbərin, Gər kəmal istərsən ey dil, şiveyi-pərvanə tut.
Xublər eşqində gör imdi mənim rüsvalığım, Qisseyi-Fərhad ilə Məcnunu bir əfsanə tut.
Girmə sən məscidlərə namərd zahidlər kimi, Seyyida, meyxanədə peymanəni mərdanə tut.