Əsas məzmuna keç

Qəzəl

Ey könül, hər bivücuddan can umarsan, nə əcəb

İmadəddin Nəsimi

1

Ey könül, hər bivücuddan can umarsan, nə əcəb! Bikərəmdən lütf ilən ehsan umarsan, nə əcəb!

Bişəriətlər nə bilsin ənbiyanın şərtini, Bitəriqətdən rəhi-ərkan umarsan, nə əcəb!

Bibəsərdən mə’niyi-şövqü kamali-mə’rifət, Bixəbərdən söhbəti-irfan umarsan, nə əcəb!

Hər qayanın lə’li olmaz, hər dənizin gövhəri, Hər sədəfdən lö’löi-mərcan umarsan, nə əcəb!

Çün əzazil əhsəni-təqvimə baş endirmədi, Anda sirri-Kə’beyi-hənnan umarsan, nə əcəb!

Divi-naməhrəm ki, dutmaz ismi-ə’zəmdən xəbər, Əhriməndən rəhməti-rəhman umarsan, nə əcəb!

Hiç imiş zöhdü vü zərqi, zahidin əfsanəsi, Şol fəqihdən mə’niyi-Qur’an umarsan, nə əcəb!

Umma hər qəlbi zəğəldən aşiqin əsrarını, Kafirin könlündə sən iman umarsan, nə əcəb!

Ey Nəsimi, bivəfadan ummagil rəsmi-vəfa, Bivəfadan əhd ilə peyman umarsan, nə əcəb!

______________________Milli Kitabxana_______________________

Lüğət: Ənbiya – Peyğəmbərlər; Zöhd – Asketizm; Zərq – Hiylə, yaltaqlıq; Şol – O; Əsrar – Sirlər

İmadəddin Nəsimi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.