Əsas məzmuna keç

Qəzəl

Ey könül, eşqində yarın naləvü ah eyləmə

Şah İsmayıl Xətai

1

Ey könül, eşqində yarın naləvü ah eyləmə, Dəgmə hər naməhrəmi sirrindən agah eyləmə.

Aşiqin imanıdır yarın cəmalı, ey rəqib, Tanriçün get qarşudan mə’şuqi gümrah eyləmə.

Çün mənim üstümə doğdu afitabım, ey qəmər, Gəzmə bir övci-fələkdə, adını mah eyləmə.

Çün sənin eşqi-məcazindən həqiqət bulmuşam, Şimdisən xahi vəfa qılgil mana, xah eyləmə.

Mənzili-rəhmanilərdir asitanı dilbərin, Getgil, ey şeytan rəqib, ahəngi-dərgah eyləmə.

Çün vüsalın xərmənindən bir cov olmaz hasilim, Danə qılma yaşımi, çöhrəmni çün kah eyləmə.

Ey Xətayi, içdigün mey abi-kövsərdir müdam, Nuşi-can et badədən, bir ləhzə ikrah eyləmə.

Lüğət: Dəgmə – təsadüfi, hər yetən; Gümrah – yoldan azmış; Qəmər – ay; Mah – ay; Asitan – eşik, astana, hökmdar qapısı; Kah – saman; Abi – həyat – dirilik suyu; Müdam – davamlı, həmişə

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.